Terminologiya

İstifadə olunan terminlər

Burada mətnlər daxilində istifadə olunan söz və terminlərin izahı yerləşdirilib.

Host

Host sadəcə bir komputerdir. LocalHost bizim yerli komputer, RemoteHost isə əlaqədə ola biləcəyimiz və ya olmaq istədiyimiz uzaqdakı komputerdir.

Instance

Bir kompüter sistemində hər hansısa bir modelə əsaslanaraq yeni bir obyekt yaradıldıqda, bu yeni yaradılan obyektə modelin bir instance-ı deyirik, yəni bir nümunəsi və ya bir nüsxəsi. Praktiki olaraq yeni yaradılan obyekt, eyni modelə əsaslananan digər obyektlərlə eyni quruluşa malik olsa da, özlərində saxladıqları dəyişənlərin dəyəri fərqli olur. Məsələn Oyekt Yönümlü (OOP) paradigmaya əsasən kod yazmış insanlar nə deməyə çalışdığımı çox yaxşı anlayırlar. Çünki orada da əvvəlcə bir obyektin modeli hazırlanır. Sonra isə lazım olduqca həmin model çağırılaraq, modelin əsasında yeni obyektlər yaradılır. Lakin yeni obyektlər quruluşca eyni olsalar da, daşıdıqları məlumatlar fərqli olur.

Credential

Azərbaycanca qarşılığı etibarnamə olan credential obyekti bir programa o şəxsin adından giriş etmək və başqa fəaliyyətləri həyata keçirməyə icazə verir. Məsələn sizin şifrələriniz, onları yazdığınız programa, sayta və s. platformaya icazə verir ki, orada olan kontentləri görə və hansısa əməliyyatı icra edə biləsiniz. Qısaca sistemə daxil olarkən yazdığınız giriş məlumatları credential adlanır.

HotFix

HotFix-lər bir sistemdə yeni aşkarlanmış səhvi və ya boşluğu aradan qaldırmaq üçün qısa vaxt ərzində mühəndislərin hazırlayıb göndərdikləri program yenilənməsi(software update) tipli paketdir. Hər hotfix hansısa problemi nəzərdə tutaraq göndərilir və özünə xas kod adı olur.

Stream

Bu terminin izahı Linux-la bağlı məqalədə verilib. Keçid etmək üçün buraya klikləyin.

Proxy

Məlumatları birbaşa ötürmək istəmədiyimiz və ya ötürə bilmədiyimiz zaman 3-cü tərəfin vasitəçiliyi lazım olur. Bu 3 cü tərəf istəkləri (request) bizdən alır, ünvanına çatdırır, sonra isə həmin ünvanın bizə verdiyi cavabı(response) ondan alıb bizə çatdırır. Daha çox texniki dildə desək, əgər A adlı müştəri B serveri ilə əlaqədə olmaq istəyir lakin kimliyini gizlətmək istəyirsə və ya hansısa maneə səbəbindən vasitəçiyə ehtiyac varsa bu zaman istifadə edilən vasitəçi serverə proxy deyilir.

Yuxarıda istəklər, Aşağıda cavablar

Log

Biz programçılar hazırladığımız proqram təminatının işini daim izləmək üçün bəzi kodlar yazırıq. Bu kodlar programın çalışdığı zamanı programın daxilində baş verən hadisələri hansısa faylda və ya terminalda yazılmasını təmin edir. Məsələn program hansısa faylı silməli olduğu zaman "filan faylı sildim" şəklində məlumatları başqa bir faylda toplayır. Bu programçıya imkan verir ki programçı öz programının hərəkətlərini daha dəqiqliklə müşahidə edə bilsin. Bu prosesdə işlənən məlumatlar log, məlumatların yazıldığı fayl isə log faylı adlanır.

String

Programlaşdırma dillərində bir data tipidir. Mətn tipli datalara string deyilir. Əsasən dırnaq arasında yazılır. Yəni 5 rəqəmi dırnaqsız yazılarsa integer(tam ədəd), dırnaqda yazılarsa ("5") string olaraq hesablanır.

SMB Paylaşımı (SMB Share)

Windowsla bağlı əvvəlki məqalədə SMB-nin nə olduğu haqda məlumat var. O məqaləyə buradan keçə bilərsiniz. İstifadəçilər SMB vasitəsilə hansısa qovluğu bütün şəbəkə və ya spesifik şəxslər üçün əlçatan edə bilər (paylaşa bilər). Həmin bu paylaşılmış obyektə SMB Paylaşımı deyilir.

Firewall qaydaları (Firewall Rules)

Firewall şəbəkəni istənilməyən trafikdən qorumaq üçün nəzərdə tutulan bir mexanizmdir. Firewall həm program təminatı həm də aparat təminatı şəklində ola bilər. Firewall-lar şəbəkənin monitorinqini həyata keçirir və əvvəlcədən təyin edilən qaydalara(rule) əsasən qərar verir ki, hansı qoşulmaya icazə verilə bilər hansına yox.

Trigger (tətikləyici)

Programlaşdırmada və ya müxtəlif sistemlərdə bəzən hansısa prosesin baş verdiyi an digər bir əməliyyatı həyata keçirmək lazım gəlir. Həmin gözlədiyimiz proses baş verən zaman ona uyğun olan əməliyyatın tətiklənməsi üçün triggerlərdən(tətikləyici) istifadə edirik. Müxtəlif programlaşdırma dillərində müxtəlif quruluşda olsalar da məntiqi olaraq oxşardırlar.

WinRM

WinRM - Windows Remote Management Windows əməliyyat sistemlərində standart olaraq quraşdırılmış, sistemləri uzaqdan idarə edə biləcəyimiz bir protokoldur.

Ping

Ping, Şəbəkədə bir hostun əlçatanlığını yoxlamaq üçün istifadə olunan bir alətdir. Demək olar ki bütün əməliyyat sistemləri üçün mövcuddur. ping əmri verilmiş komputer qarşı tərəfə icmp echo paketi göndərir(request), qarşı tərəf də buna icmp paketi ilə cavab (reply) qaytarır. Nəticədə komputerlər arasında əlaqə olub olmadığı, həmçinin varsa əlaqənin keyfiyyəti və sürəti müəyyənləşdirilə bilir.

Droplet

Digitalocean provayderində ala bildiyimiz cloud resursu.

DNS - Domain Name System

Domen Name System(DNS) domen adlarının yerləşdiyi və hansı IP ünvanlarına yönləndirildiyini özündə əks etdirən bir bazadır. Məsələn, kimsə veb-brauzerdə "example.com" yazırsa, brauzer bu domenin hansı serverdə yerləşdiyini bilmək üçün DNS Server-ə müraciət edir.

CNAME Rekordu

DNS Rekord tiplərindən biri. Əlavə olaraq A, MX, TXT və s. kimi rekord tipləri də var.

Middleware

Bir çox programlaşdırma dillərində əsas funksiyaya keçməzdən öncə yoxlamaları apara biləcəyimiz və ya əlavə köməkçi proseslər edə biləcəyimiz funskiya. Məsələn bir datanı istifadəçiyə göstərməzdən öncə bir middleware köməyi ilə istifadəçi səlahiyyətini yoxlayıb sonra datanı göndərmək olar.

Last updated